Daha 5 klub Çempionlar liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb

Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun yekunlarına əsasən İngiltərənin “Mançester Siti”, Fransanın “Paris Sen-Jermen”, İspaniyanın “Real”, İtaliyanın “İnter” və Portuqaliyanın “Sportinq” klubları yarışın 1/8 final mərhələsinə yüksəlib.

AzerTimes xəbər verir ki, turun mərkəzi oynunda “Mançester Siti” “PSJ”-ni qəbul edib. Hesabı 50-ci dəqiqədə Mbappenin qoluyla fransızların açmasına baxmayaraq, 63 və 76-ci dəqiqələrdə Sterlinq və Gabriel Jesusun qolları İngiltərə təmsilçisinə qələbə qazandırıb. Qrupun digər oyununda Almaniyanın “Leyptsiq” klubu Belçikanın “Brügge”sini 5:0 hesabı ilə məğlub edib. Beləliklə, “Mançester Siti” və PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər.

D qrupunda “Real Madrid” Moldovanın “Şerif” klubuna 3:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. “Real Madrid”in qələbəsi sayəsində daha əvvəl “Şaxtyor Donetsk”i məğlub edən “İnter”də (2:0) turnirin 1/8 finalına çıxıb.


Portuqaliya “Sportinq” klubu doğma meydançada alman “Borussiya” Dortmundunu 3:1 hesabı ilə məğlub edib və 9 xal toplayaraq C qrupunda ikinci yeri təmin edib. Daha əvvəl qrupa birinci yeri hollandiyalı “Ayaks” təmin etmişdir (15 xal).

Teqlər: