Çox təəssüf ki, son günlərdə elmimiz gündəmi xoşagəlməz söz-söhbətlərlə məşğul edir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Adətən elm öz yenilikləri, müasir kəşfləri, cəmiyyətə faydalı
işləri ilə gündəmə gəlir, lakin təəssüflər olsun ki, son günlərdə
Azərbaycan elmi xoşagəlməz söz-söhbətlər ilə gündəmi məşğul edir və
cəmiyyətin haqlı narazılığına səbəb olub, qınaq obyektinə
çevrilib.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, çox təəssüf ki, son dövrlər Azərbaycan
Milli Elmlər Elmlər Akademiyası öz müqəddəs missiyasından yayınaraq
lazımsız mübahisələr meydanına çevrilib.

“Cəmiyyətə, bəşəriyyətə sanballı töhfələr verməli olan, elmin
inkişafı, çağdaş yenilikləri ilə seçilməli olan, müasir
çağırışlarla ayaqlaşmalı, gənc alimlər yetişdirməli və başqa
faydalı işlərlə məşğul olmalı olan Elmər Akademiyasının
ziddiyyətlər mərkəzinə çevrilməsi yolverilməzdir. Bu nəinki bu
günümüzə, gələcəyimizə, dövlətçiliyimizə, elmimizin inkişafına
ciddi bir zərbədir.


Bu xoşagəlməz söz-söhbətlər bu gün gənc alimlərimizi elmdən
uzaqlaşdırır, illərdir ömrünü elmimizin inkişafına həsr etmiş
alimlərimizi incik salır və nəticədə onları dövlətimizdən narazı
qoyur. Lakin bütün bunlara rəğmən AMEA-nın saytında paylaşılan
məlumat sanki bir ittiham aktıdır, elmi məcradan çıxaraq ciddi
siyasi ittihamları özündə əks etdirir, dövlətçiliyimizə, ölkədə
aparılan demokratik islahatlara kölgə salır”, – deyə deputat qeyd
edib.

O bildirib ki, Elmər Akademiyası siyasi platforma deyil,
kimlərinsə şəxsi mövqeyini qoruyan bir qurum deyil.

“Elmlər Akademiyası elmlə məşğul olmalı, yersiz mübahisələrə yol
verməməlidir. Artıq bu xoşahəlməz proseslərə son qoyulmalı, Elmər
Akademiyası öz məcrasına qaytarılmalı, yeni islahatlar,
araşdırmalar aparılmalı, kimlərin istefaya getməsi lazımdırsa
getməlidir, kimlər günahkardırsa AMEA-dan uzaqlaşdırılmalıdır,
çünki bu, artıq sosial bir sifarişə çevrilib”, – deyə A.Həsənova
əlavə edib.

Teqlər: