Consonun Bakıya məktubunda şifrələr: Nələrə işarə etdi?

Consonun Bakıya məktubunda şifrələr: Nələrə işarə etdi?

Böyük Britaniyanın Baş naziri Boris Consunun Prezident İlham Əliyevə məktubu yeni dünya nizamı uğrunda döyüşün kompenentlərindən hesab edilə bilər və burada ən önəmli məqam Bakının geosiyasi proseslərdə həlledici episentlərdən biri kimi qəbul edilməsidir.

Conson açıq şəkildə Əliyevə dəstək mesajları verir və bu mesajlarda həm də istəkləri öz əksini tapıb:

Birincisi, London Ukraynaya hücum edən Rusiyanın Azərbaycanın suverenliyinə də təhdid yaradacağına və bu təhdidə qarşı birgə əməkdaşlığın vacibliyinə işarə vurur:

– Qlobal ərzaq təhlükəsizliyi;

– Ukraynaya humanitar və iqtisadi dəstək.

Consonun məktubunda qeyd olunan bu iki məsələni Britaniyanın Azərbaycandan cari istəyi olaraq qeyd etmək mümkündür. Bakı Kiyevə humanitar yardımlar edir, lakin əsas dəstəyi Ukraynanın yanacaqla təmin edilməsidir. Bu dəstək müharibənin getdiyi vaxt qlobal ərzaq tədarükündə əsas mənbələrdən biri olan Ukraynada kənd təsərrüfatının dağılmasına imkan verməyən amillərdəndir. Conson mümkün qlobal ərzaq böhranı fonunda Əliyevdən məhz bu istiqamətdə işin davam etdirilməsini istəyir.

İkincisi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsidir: Rusiyanın enerji resurslarından tamamilə imtina edilməsinə çalışan Britaniya Azərbaycanı alternativ mənbələrdən biri olaraq görür və Conson enerji tədarükündə Bakının payının artırılacağı mesajını verir.

Üçüncüsü və ən mühüm mesajı Qarabağla bağlıdır.

Consonun “2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınız” qeydi Britaniyanın postmünaqişə reallığını ən yüksək səviyyədə qəbul etdiyinin bəyan edilməsidir, hərçənd, baş nazirin məktubunun davamında iki mühüm detal xüsusilə diqqət çəkir:

– Britaniya Ermənistanın “mina terroru”na qarşıdır və bu məsələdə Azərbaycanı dəstəkləyir;

– Britaniya işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərir: Conson qeyd edir ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar: “Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı”.

Bu mesaj Qarabağda “sülhməramlı” qismində təmsil olunan Rusiyaya “Britaniya da bölgədə mövcuddur” mesajının verilməsi hesab oluna bilər.

Teqlər: