Çin müharibə strategiyasına keçir – İlk dəfə

Çin müharibə strategiyasına keçir – İlk dəfə

Çin Kommunist Partiyasının davam edən qurultayı beynəlxalq aləmin diqqət mərkəzindədir. Partiyanın sədri Si Szinpinin çıxışının Tayvanla bağlı hissəsi siyasi ekspertlərin müzakirə predmetidir. Si Szinpin faktiki dedi ki, Çin Tayvanın ələ keçirilməsi məqsədilə hərbi gücdən istifadə etməyə hazırdır. Asiyada başqa qaynar nöqtələr də yarana bilər.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, siyasi ekspertlər Si Szinpinin çıxışında digər vacib detala diqqət çəkiblər. O, çıxışında bir neçə dəfə “regional müharibələr” ifadəsi işlədib:

“Halbuki Çinin hər il dərc olunan milli təhlükəsizlik strategiyasında “regional müharibələr” barədə cümlələr yoxdur. Ona görə də Si Szinpinin “regional müharibə” ifadəsi altında həm Tayvanda mümkün hərbi əməliyyat, həm də qonşu Hindistanla qarşıdurma nəzərdə tutula bilər. Təsadüfi deyil ki, Çin ordusunun son illər hərbi təlimlərinin sayı artıb. Si Szinpin Çin ordusunun peşəkar səviyyəsini artırmaq və ən modern silahlarla təhcizatını qarşısına məqsəd qoyub. Çin ordusu “regional müharibələr”ə hazır olmalı və qələbələrə hədəflənməlidir.

Si Szinpinin “regional müharibələr”dən çox danışması həm də o deməkdir ki, Pekin böyük müharibələr aparmaq istəmir. Misal üçün Çin ABŞ-la müharibədə maraqlı deyil. Pekinin əsas hədəfi lokal münaqişələrdə üstünlük qazanmaqdır.

Çinin yeni strategiyasında müxtəlif ölkələrdə hərbi bazaların yaradılması da var. Çinin Afrikanın kiçik ölkəsi olan Cibutidə hərbi bazası mövcuddur. Çin kiçik adalarda da hərbi bazalar yaratmağa çalışır. Pekin bu məqsədinə çatmaq üçün əvvəlcə kiçik və kasıb ada ölkələrinə kreditlər verir, sazişlər imzalayır, daha sonra hərbi baza yaratmaq istəyini səsləndirir.

Buna baxmayaraq, Qərbin analitik mərkəzləri Çin ordusunun müharibə təcrübəsinin zəif olduğu qənaətindədir. Çin ordusunun Hindistanla sərhəddə toqquşmaları savaş təcrübəsinin artırılması üçün kifayət deyil. Çin Rusiya ilə birgə hərbi təlimlərin sayını ona görə artırıb ki, savaş təcrübəsi əldə etsin. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibə göstərir ki, Rusiyanın “təcrübəsi”ndən öyrəniləsi nəsə yoxdur”.

Teqlər: