Ceyhun Bayramov Yaponiya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)

Nazir Ceyhun Bayramov Yaponiya nümayəndə heyətini salamlayaraq,
bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyinin qeyd olunmasını vurğuladı və Azərbaycanın Yaponiya ilə
əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etdi.

Öz növbəsində, Yaponiya xarici işlər nazirinin parlament üzrə
müavini Honda Taro iki ölkə arasında diplomatik münasibətlərin 30
illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq bu
müddət ərzində Azərbaycan və Yaponiya arasında bir çox sahələrdə, o
cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf
etdiyi bildirdi. Nazir müavini Honda Taro enerji təhlükəsizliyi
baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın
mühüm tərəfdaşı olduğunu ifadə etdi.

Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika,
alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası
əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında
fikir mübadiləsi apardılar.

Ceyhun Bayramov qarşı tərəfə, Azərbaycanın azad olunmuş
ərazilərindəki vəziyyət, işğal dövründə Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin
talan edilməsi, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti
tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işləri,
minaların təmizlənməsi, ekologiya və ətraf mühitin qorunması
sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Bu xüsusda
nazir, Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakını
minnətdarlıqla ifadə etdi.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında
münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını
qeyd edən nazir, Azərbaycanın regionda davamlı sülhün və inkişafın
bərqərar olması üçün atdığı əməli addımları qeyd etdi.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı
vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə
fikir mübadiləsi aparıldı.

Teqlər: