Ceyhun Bayramov Niderlandın xarici işlər naziri ilə telefonla danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Niderland
Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke
Hoekstra ilə telefon danışığı baş tutub.

Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyinə istinadən xəbər
verir.

Nazirlər iki dövlət arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini və xoş
arzularını ifadə ediblər.

Tərəflər ikitərəfli gündəliyin cari məsələləri, habelə
əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Bu ilin 15 mart tarixində iki ölkənin Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələrin keçirilməsi məmnunluqla
vurğulanıb və bu təcrübənin gələcəkdə davam etdirilməsinin
əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan vəziyyət,
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması
istiqamətində görülən işlər, bu xüsusda liderlərin Brüssel
görüşündə əldə edilmiş razılaşmaların icrasının vacibliyi, eləcə də
bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair
Azərbaycanın baxışlarına dair məlumat verib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq, Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: