ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir (FOTO)

Aprelin 18-dən etibarən ADA Universitetində Karyera Hazırlığı
Həftəsi fəaliyyətə başlayıb.

ADA Universitetinin Marketinq və Kommunikasiya şöbəsi xəbər
verir ki, ABB-nin tərəfdaşlığı ilə keçirilən və aprelin 27-dək
davam edəcək Karyera Hazırlığı Həftəsinin məqsədi tələbə və
məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış
etməkdən ibarətdir.

Universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən
tədbir çərçivəsində maliyyə, bankçılıq, informasiya və
telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət
göstərən 16 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksək
ixtisaslı peşəkarları karyera-yönümlü mövzularda seminar və
təqdimatlar keçirəcəklər. Tədbirdə təmsil edilən tərəfdaş qurumlar
sırasında ABB, “ATL Tech”, Azərbaycan HR İnstitutu, “Baker Tilly”,
bp, “Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahan
Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, “EKVITA”, “Ernst &
Young”, “KPMG Azerbaijan”, PAŞA Həyat Sığorta, “PMD GROUP”,
“Unibank” və “Yelo Bank”ı qeyd etmək olar.

Karyera həftəsində iştirak edən 300-dən çox tələbə 8 gün ərzində
dövlət və özəl sektorda fəaliyyət göstərən peşəkarların emosional
zəka, sənaye anlayışları, müsahibə bacarıqları, iş etikası,
sahibkarlıq və innovasiya, şəxsi brendinq və rəqəmsal şəbəkə
mövzularındakı mühazirələrində iştirak edəcək, təqdim edilən
təcrübə proqramları və qısamüddətli iş imkanları ilə bağlı məlumat
əldə edəcəklər. Həmin tələbələr akademik göstəricilərinə, gələcək
karyera hədəfləri və maraq dairələrinə, eləcə də ünsiyyət
bacarıqlarına müvafiq olaraq 18 nəfərlik fərqli qruplara
bölünüblər.

Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 6-sı Karyera
Sərgisi də təşkil olunacaq. Sərgidə 100-dən çox yerli və beynəlxalq
statuslu şirkət ADA-nın 1500-ə yaxın tələbə və məzununa müxtəlif
karyera fürsətləri təqdim edəcək.

Teqlər: