Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn
Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir
mübadiləsi aparıblar. İki ölkə arasında iqtisadi, ticarət,
nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək
səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.
İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların
icrası məmnunluqla vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər,
çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycanlı
həmkarını İrana səfərə dəvət edib.

Teqlər: