Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb (FOTO)

12 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı
çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali
nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a
verilən məlumata görə, görüşdə Migel Angel Moratinos Azərbaycanda
dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyət,
habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib, eyni
zamanda Azərbaycan tərəfindən bu xüsusda atılan addımların
əlamətdar və nümunəvi olduğunu bildirib. Özünün Azərbaycana
müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos
Azərbaycana son səfəri zamanı işğaldan azad olunmuş əraziləri
ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü
vurğulayıb. Azərbaycan ilə əməkdaşlığın növbəti mərhələdə
möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin xətti ilə “Peace for Culture” təşəbbüsü
çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos,
yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda
Nyu Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli
və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını
bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı
məlumat verən nazir, multikulturalizmin Azərbaycanda dövlət
siyasəti olduğunu qeyd edib. Eyni zamanda, Ceyhun Bayramov
Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan
erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni
hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi,
sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar
atmaqda qətiyyətli olduğunu bildirib.

Post münaqişə dövründə, işğaldan azad olunmuş ərazilərdə mədəni
irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan
nazir Ceyhun Bayramov, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə
dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs
nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası
istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq
edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən
prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini
bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

Teqlər: