Ceyhun Bayramov BMT-nin Kapitalın inkişafı fondunun icraçı direktoru ilə görüşüb (FOTO)

4 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramovun BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) icraçı
katibi Priti Sinha ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
qarşı tərəfi salamlayan Ceyhun Bayramov Azərbaycanın BMT-nin
müxtəlif institutları ilə münasibətlərin inkişafına yüksək önəm
verdiyini qeyd edib. Ölkəmizin BMT-nin Kapitalın İnkişafı Fondu ilə
əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin ilk illərində
işğal faktoru ilə üzləşdiyini, nəticədə dünyada əhalisinin sayına
nisbətdə ən çox məcburi köçkün olan ölkəyə çevrildiyini qarşı
tərəfin diqqətinə çatdırıb. Azərbaycanın əvvəllər yardım alan bir
ölkədən bugün, beynəlxalq birliyin məsuliyyətli üzvü kimi donor
ölkəyə çevrildiyini vurğulayıb.

Ceyhun Bayramov, pandemiya dövründə 80 ölkəyə Azərbaycan
tərəfindən COVID-19 pandemiyası ilə mübarizə istiqamətində
yardımların göstərildiyini bildirib. Nazir, həmçinin Azərbaycan
tərəfindən Qoşulmama Hərəkatı daxilində edilən yardımlar, ötən
həftə Ukraynaya edilən humanitar yardım barədə danışıb.

Qarşı tərəf regiondakı hazırki vəziyyət, işğaldan azad edilmiş
ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli
bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb və bu xüsusda
BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuz
ifadə edilib.

BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi xanım Priti
Sinha səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəmizi
müstəqilliyin 30 illiyi, eləcə də BMT ilə münasibətlərin
qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

O, təmsil etdiyi təşkilatın missiyası, beynəlxalq miqyasda
həyata keçirdiyi layihələr, ölkəmizlə əməkdaşlıq perspektivləri
barədə danışıb və təşkilatın dünyanın 46 ölkəsi ilə əməkdaşlıq
etdiyini və bu ölkələrə müxtəlif istiqamətlərdə, o cümlədən yerli
infrastrukturun, kiçik və orta sahibkarlığın inkişafı, rəqəmsal
inkişaf və s. sahələrində yardımlar etdiyini qeyd edib.

Azərbaycanla Fond arasında qarşılıqlı faydalı əməkdaşlığın
qurulmasında maraq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Teqlər: