Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə görüşüb (FOTO)

17 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici
Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini
Enrike Moranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişafı,
ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş,
eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb, o cümlədən siyasi, iqtisadi, energetika və digər
sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Azərbaycanla Aİ arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə
enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyi, Avropa
İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu
qeyd edilib.

Nazir Ceyhun Bayramov Aİ ilə müxtəlif proqramlar və layihələr
çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini və
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının
ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin icrası,
layihənin növbəti mərhələdə genişlənməsi imkanları müzakirə
olunub.

Bölgədə mövcud olan cari vəziyyətdən bəhs edən nazir Ceyhun
Bayramov Vətən müharibəsindən sonra bölgədə yaranan yeni
təhlükəsizlik çərçivəsi və əməkdaşlıq perspektivlərindən bəhs edib.
Nazir qarşı tərəfə regiondakı son vəziyyət, üçtərəfli bəyanatların
icrası, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə
bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin
normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Baş katibinin müavini
Enrike Mora Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu
diqqətə çatdırıb. O, ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq
əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox
geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və
innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini
söyləyib.

Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında
maraqlı olduğu, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə,
regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğu qeyd
edilib.

E.Mora, həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında
Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional
təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib. O,
Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində
əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.

Baş katibinin müavini Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində
əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər
məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni
zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Teqlər: