Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropanın enerji təhlükəsizliyini daha da artıracaq – Yunanıstanın xarici işlər nazirinin müavini (MÜSAHİBƏ)

Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya
üzrə müavini Kostas Fraqkoyannisin AzerTimes İnformasiya Agentliyinə özəl
müsahibəsi

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

Kostas Fragkoyannis deyib ki, Cənub Qaz Dəhlizi Yunanıstan üçün
həqiqətən vacibdir:

“Yunanıstan “Cənub Qaz Dəhlizi”nin Avropaya qapısıdır və enerji
sahəsində beynəlxalq əlaqələrimizin əsas məqsədi şaxələndirilmiş
mənbələr və marşrutların üstünlüklərini qonşularımıza çatdırmaqdır.
2020-ci ilin sonunda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə
Azərbaycan təbii qazının Xəzər dənizindən İtaliyaya tədarükü üçün
Cənub Qaz Dəhlizi layihəsinin sürətlə həyata keçirilməsi Avropanın
enerji təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində atılan ən
mühüm addımlardan biridir. TAP vasitəsilə tədarük edilən qazın
həcmi Avropanın yeni, etibarlı və sərfəli enerji mənbəyi ilə təmin
edilməsində, eyni zamanda təmiz enerjiyə keçidin
asanlaşdırılmasında mühüm rol oynayır”.

Nazir müavini xatırladıb ki, 2022-ci il fevralın 4-də Bakıda
Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən görüşdə Yunanıstanın enerji
və mineral ehtiyatlar üzrə baş katibi Aleksandra Sduku ölkənin
ölkənin Azərbaycanla enerji sahəsində əməkdaşlığa verdiyi önəmi bir
daha qeyd etmək imkanı əldə edib.

K.Fraqkoyannis qeyd edib ki, Yunanıstan öz enerji
təhlükəsizliyini təmin etmək üçün bütün mövcud alternativləri
araşdırmağa hazırdır:

“Rusiya ilə Ukrayna arasındakı müharibə yaxın gələcəkdə daha da
nəzərə çarpacaq bir çox problemlərin yaranmasına səbəb olub. Cənub
Qaz Dəhlizi yuxarıda qeyd olunan enerji sahəsində müharibənin mənfi
nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilərdi.
Yunanıstan TAP üzrə mühüm tərəfdaşdır. Bu sahədə böyük potensial
var və biz Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) 2022-ci
ildə istifadəyə verilməsini gözləyirik ki, bu da enerji
bazarlarında gözlənilən nəticələri verəcək və hər iki ölkənin böyük
potensialından istifadə etməyə imkan verəcək. Cənub Qaz Dəhlizinin
ötürmə qabiliyyətinin mümkün genişləndirilməsi Yunanıstanın və
bütün Avropanın enerji təhlükəsizliyini daha da artıracaq. Bununla
belə, vurğulamaq istərdim ki, TAP-ın gücünün genişləndirilməsi TAP
konsorsiumunun kommersiya qərarıdır və vaxt və investisiya tələb
edir”.

O, əlavə edib ki, konsorsiumun TAP-ın təbii qaz və hidrogen
qarışığının nəqlinə keçməsinə imkan verəcək yeni texnoloji
imkanları kəşf etməsi də böyük əhəmiyyət kəsb edir.

Kostas Fragkoyannis bildirib ki, Yunanıstan yaşıl enerji
siyasətinə uyğun olaraq bərpa olunan qaz və hidrogenin istifadəsini
dəstəkləyir.

Yunanıstan-Bolqarıstan interkonnektoru üzərində
işlər

Nazir müavini qeyd edib ki, Yunanıstan İGB layihəsində ildə 1
milyard kubmetr təbii qaz tədarükü ilə bağlı razılığa gələn
Yunanıstanın iki şirkəti və səlahiyyətli Yunanıstan Dövlət Qaz
Korporasiyasından ibarət birgə müəssisə vasitəsilə iştirak
edir:

“Yunanıstan 2022-ci il iyunun sonu – iyulun əvvəlində işə
başlayacaq IGB layihəsini həyata keçirmək üçün mümkün olan hər şeyi
edib və edir. Bütövlükdə, IGB TAP ilə birlikdə daha çoxşaxəli təbii
qaz portfelini, qaz sektorunda artan rəqabəti və daha rəqabətli
qiymətləri təmin etməyə kömək edəcək ki, bu da Avropadakı son
istifadəçilərin maraqlarına uyğundur”.

Enerji əməkdaşlığının genişləndirilməsi
imkanları

K.Fraqkoyannis qeyd edib ki, Yunanıstan enerji sektoruna xüsusi
maraqla yanaşı, iqtisadi fəaliyyətin bütün sahələrində Azərbaycanla
əməkdaşlığa ümid edir: Yunanıstan və Azərbaycan enerji təchizatı və
bir sıra qaz layihələrində əməkdaşlığı genişləndirə bilər, çünki
Yunanıstan TAP üzrə mühüm tərəfdaşdır:

“Yeni texnologiyalar, bərpa olunan enerji, təbii qaz, tikinti və
bir çox başqa sahələrdə investisiya imkanları mövcuddur. Yunanıstan
və Azərbaycan biznes icmaları arasında mövcud işgüzar əlaqələri
genişləndirməklə və yeni sinerji yaratmaqla investisiyalar cəlb
edilə bilər”.

O qeyd edib ki, Azərbaycan dövlət neft şirkəti “SOCAR” TAP
konsorsiumunun səhmlərinin 20 faizinə sahib olduğu üçün artıq
Yunanıstanın enerji sektorunun inkişafında mühüm rol oynayır:

“Hesab edirik ki, bu, Azərbaycanın Yunanıstanın enerji
landşaftında iştirakı üçün gələcək imkanların araşdırılması üçün
möhkəm əsas təşkil edir. Bu, enerji sahəsində qeyri-müəyyənlik
dövrlərdə xüsusilə aktualdır. Biz hər iki tərəf üçün faydalı olacaq
səmərəli təklifləri nəzərdən keçirməyə hazırıq”.

Bərpa olunan enerji sahəsində perspektivlər

Yunanıstanın xarici işlər nazirinin müavini qeyd edib ki, hər
iki ölkə bərpa olunan enerji mənbələrinin inkişafında çox maraqlı
olduğundan, qarşılıqlı faydalı əsasda əməkdaşlığı gücləndirmək üçün
kifayət qədər imkanlar var:

“Yunanıstan və Azərbaycan arasında bu sahədə əməkdaşlıq 2009-cu
ildə imzalanan alternativ enerji və enerji səmərəliliyi sahəsində
əməkdaşlıq memorandumu ilə nəzərdə tutulub. Yunanıstan, həmçinin
Azərbaycana mühüm nou-hau təqdim edə və öz tədqiqat və akademik
institutları vasitəsilə ümumi alternativ enerji layihələrində
iştirak edə bilərdi”.

Twitter: @Lyaman_Zeyn

Teqlər: