Cənub Qaz Dəhlizi Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir – Energetika naziri

Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin
sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF)
dövlət və hökumət başçılarının VI Sammitində Azərbaycanı energetika
naziri Pərviz Şahbazov təmsil edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və
VI Sammitin işə başlaması münasibətilə təbriklərini çatdırıb.

Nazir çıxışında isə deyib ki, enerji keçidi çağırışının rasional
həlli təbii qazın enerji balansından çıxarılması ilə deyil, onun bu
prosesdə körpü rolunun dəstəklənməsi ilə mümkündür. Bu kontekstdə
qaz bazarı iştirakçılarının – istehlakçı və istehsalçı ölkələrin
vizyonu və koordinasiyalı fəaliyyəti bütövlükdə enerji bazarında
sabitlik üçün əsas faktorlardan biridir.

Energetika naziri qaz ölkəsi kimi Azərbaycanın etibarlı
təchizatçı və enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaş
kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq
əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik
nəzərə alan, balanslaşdırılmış enerji siyasətinin dayandığını qeyd
edib: “Biz enerji təhlükəsizliyi və ətraf mühit arasında balansın
tərəfdarıyıq. Ona görə də ilk vaxtlardan enerji təchizatının yeni
mənbəyi olarkən marşrutları və tədarük bazarlarını şaxələndirməklə
bərabər enerji balansında resursların da müxtəlifliyinə nail olmağa
çalışmışıq. Hazırkı enerji böhranı da təsdiqləyir ki, bu, daha
rasional yanaşmadır. XXI əsrin ən böyük layihələrindən biri olan
Cənub Qaz Dəhlizi də bütün tərəflərin maraqlarının uzlaşdırılması
və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan
qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin
edir”.


Çıxışda, həmçinin dünyanın enerji keçidində təmiz enerji resursu
olaraq qaza artan ehtiyacının qarşılıqlı faydalı əməkdaşlıq
əsasında təmin ediləcəyinə və GECF-in bu prosesə töhfə verəcəyinə
inam ifadə edilib.

Qeyd edək ki, sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və
Mozambik prezidentlər, Liviya, Trinidad və Tobaqo baş nazirlər, 12
ölkə isə nazirlər səviyyəsində təmsil olunub.
Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub.

Teqlər: