Çaylardakı karxanalarda monitorinqlər aparılıb (FOTO)

Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının
alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl
karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun
aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə
monitorinqlər keçirilib.

Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov AzerTimes–ə bildirib ki, keçirilən
monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz
hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara
məruz qaldığını göstərir. Məcrası 30 metrə qədər dərinləşən çayın
kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib.

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana
fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10
hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan
aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası
çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda
istismardan sonra gil qatı açılıb.

Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda – “Qudyalçay”,
“Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”,
“Nügədi”, Vəlvələçayda – “Vəlvələçay I, II”, “Talıbqışlaq”,
Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında
intensiv istismar işləri aparıldığına görə çay məcralarının
normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş
vermişdir. Sözügedən çaylardakı karxana fəaliyyəti ümumilikdə
regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərir. Belə ki,
qidalanması bu çaylar hesabına olan yeraltı sular, hal-hazırda
əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv
istismar fəaliyyəti bu regionda su ehtiyatlarının tükənməsinə
yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə
ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, burada
qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan
vurmuşdur.

Sadiq Əmiraslanov onu da vurğuladı ki, qazıntı işləri aparmaq
üçün icazəsi olan istismarçı geoloji uçotun aparılması üçün
fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin
İdarə Heyətinin sədr müavini Azər Şükürov bildirib ki, məqsədimiz
hasilat işləri aparmaq üçün icazəsi olan istismarçıların
fəaliyyətinə maniyə törətmək deyil, onlardan sadəcə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən dərinlikdə,
onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin
qanuna müvafiq qaydada aparılması tələb olunur. Biz anlamalıyıq ki,
ekologiyanın təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə
vurulan ziyana bərabərdir.

Azər Şükürov onu da əlavə edib ki, bütün dünyada, beynəlxalq
səviyyədə su qıtlığı ilə mübarizə aparıldığı halda su
ehtiyatlarımıza qarşı bu cür yanaşma bizi böyük məsuliyyətə cəlb
edir. Bu mövzuda agentlik tərəfindən istismarçılarla dəfələrlə
görüşlər təşkil olunmuşdur, ətraf mühitə vurulan ziyanın miqyası
müzakirə edilmişdir. Yanlış istismarın nəticəsi gələcəkdə
fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində,
fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəkilində özünü büruzə
verəcəkdir.

Sonda o da qeyd edildi ki, Agentlik icazə sənədi ilə ayrılmayan
sahədən və dərinlikdən hasilata və ətraf mühitə dəymiş ziyana görə
ödəniləcək cərimələrin məbləğlərini hesablayaraq müəyyən etdiyi
ziyan məbləğləri ilə bağlı məhkəmələrdə iddialar qaldırır. Ziyanın
yekun məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən
edilir.

Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi “Yerin təki haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş qaydada yerin təkindən istifadə növləri
üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində
və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və
tələblərə əməl olunmasına nəzarəti həyata keçirir. Bu qanuna uyğun
olaraq dövlət tərəfindən müəyyən edilmiş vəzifə öhdəliklərini
həyata keçirən Agentlik mütəmadi olaraq monitorinqlər təşkil
edir.

Teqlər: