Çaylarda sululuq artıb

Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur
rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən
əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən
çaylarda sululuq artıb.

AzerTimes-ın məlumatına görə,
bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev bildirib.

“Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun
səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir
məntəqəsində suyun səviyyəsi 45 sm, su sərfi isə 1,7 dəfə artıb.
Kiçik Qafqazın ərazisindən axan çaylarda 23 faiz, Böyük Qafqaz
çaylarında isə 26 faiz artım qeydə alınıb”.

A.Verdiyev qeyd edib ki, nəticədə Kür çayının aşağı axınında suyun
səviyyəsi aprel ayının əvvəlindən bu günə kim Yevlax məntəqəsində
17 sm, Zərdabda 50 sm, Surrada 23 sm, Şirvanda 12 sm, Salyanda 15
sm, Bankədə 15 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm
yüksəlib. Çayda suyun həcmi Yevlaxda 19 faiz, Zərdabda 31 faiz,
Surrada 19 faiz, Araz çayının Novruzlu məntəqəsində isə 23 faiz
artıb.

“Kür çayının Surra məntəqəsində suyun həcminin artmasına
baxmayaraq aşağı ərazilərdə sudan müxtəlif sahələrdə istifadə ilə
bağlı suyun həcmində azalma baş verir ki, bu da Salyan və xüsusən
də Neftçala rayonu ərazisində axının sürətinin azalmasına gətirib
çıxarır”.

Xidmət rəsmisinin sözlərinə görə, Xəzər dənizinin sahilyanı
əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi
zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks
axın baş verir ki, nəticədə çayda duzluluğun miqdarı artır. Belə
ki, Kür-Bankə məntəqəsində aprelin 12-də çayda duzluluğun miqdarı
4,1 q/l, 13-də isə 6,3 q/l olub.

Teqlər: