“Caspian Agro 2022” sərgisi çərçivəsində iqlim dəyişikliyi müzakirə edilib (FOTO)

“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin
kənd təsərrüfatına təsiri” mövzusunda panel sessiya keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sessiyada
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət
şöbəsinin müdiri Firuddin Tağıyev, Tərəvəzçilik Elmi -Tədqiqat
İnstitutunun direktoru Elmar Allahverdiyev, Əkinçilik Elmi
-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi
-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva mövzu ilə bağlı təqdimatla çıxış ediblər.

Bildirilib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinin
qarşısında yeni çağırışlar formalaşdırır. Yeni texnologiyalar və
rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini
minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün
istifadəyə imkan verir. Tədbirdə çıxış edənlər, yeni çağırışlara
uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı
inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın
artırılması, aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal
həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb
etdiyini vurğulayıblar.

Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq
çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli
istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq
idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli
mütəxəssislər öz fikirlərini bölüşüblər.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb,
mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.

Teqlər: