BYD şirkəti ilə əməkdaşlıq müzakirə olunub (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa
üzrə icraçı direktoru İsbrand Ho ilə görüşüb. Nazir Azərbaycanın
Çinlə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu bildirib.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan
“yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat
vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən
tədbirlər barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq
perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış
əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil
etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq
potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və
tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması
məsələləri müzakirə olunub.

Teqlər: