Soltan Məmmədov Azərbaycanın “COVİD-19” pandemiyası ilə bağlı mübarizə təcrübəsi barədə danışıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Genişləndirilmiş İmmunlaşdırma Proqramı və bütün Avropa regionu
ölkələrinin onilliklər ərzində keçdiyi yol uşaq sağlamlığının
qorunmasında görünməmiş nailiyyətlərlə nəticələndi. Bu proqram
dünya yoluxucu xəstəliklərlə üzləşdiyi vaxtda qarşıya çıxan
problemləri həll etmək imkanı yaratdı.

AzerTimes-ın məlumatına görə, bunu AVRONEST Parlament
Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət
və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında Azərbaycan
nümayəndə heyətinin üzvü, deputat Soltan Məmmədov deyib.
O bildirib ki, COVID pandemiyası və dünyanın üzləşdiyi sonrakı
çətinliklər bizi başqa cür düşünməyə vadar etdi. Peyvəndin
tədarükü, yeni peyvəndlərin kəşfi və peyvəndin keyfiyyəti ilə bağlı
araşdırmalar, ölkələrin uğur hekayələrinin mübadiləsi,
sinxronlaşdırılmış informasiya sistemləri, ictimai məlumatlandırma
və maarifləndirmə proqramları vaksinasiya prosesin əhatə dairəsinin
genişləndirilməsi və peyvəndlə bağlı inamsızlığın aradan
qaldırılması üçün vacib şərtlər olaraq qalır.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan uğurlu peyvənd proqramı
və “COVID-19” ilə mübarizə, eləcə də Genişləndirilmiş İmmunlaşdırma
Proqramının tətbiqi zamanı üzləşdiyi çətinliklərlə bağlı
təcrübələrini bölüşməkdə maraqlıdır. O, ötən il mart ayında BMT-nin
İnsan Hüquqları Şurasında qəbul edilmiş “Vaksinlərin ədalətli və
bərabər bölgüsü ilə bağlı qətnamə” və noyabr ayında təsdiq olunmuş
“COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi” adlı sənədlərin bu sahədə
yaxşı təcrübə nümunələri olduğunu qeyd edib: “Azərbaycan COVAX
təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub, bir sıra ölkələrə
peyvəndlər verib. Ölkənin ÜST-yə verdiyi ianə, COVID-19 ilə
mübarizədə digər ölkələrə dəstək və peyvənd proqramının uğurla
həyata keçirilməsi ÜST tərəfindən də yüksək qiymətləndirilir.”

Deputat Azərbaycanda peyvəndlərin əhalinin bütün təbəqələri üçün
əlçatanlığının təmin olunduğunu və ölkə vətəndaşlarına 4 müxtəlif
peyvənd arasında seçim etmək imkanı yaradıldığını diqqətə çatdırıb.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan
ərazilərində yaşayan ermənilərin peyvəndlərlə təmin olunmasnda
qarşılaşdığı problemlərlə bağlı Ermənistan nümayəndəsinin
fikirlərinə də münasibət bildirib: “Düşünrəm ki, Rusiya
sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni
vətəndaşlarının peyvəndlə təmin olunması üçün Azərbaycan dövlətinin
bütün imkanları var. Onlar Azərbaycan ərazisində yaşayırlar.
Hazırda onların vaksinlərlə təmin olunmasına sülhməramlılar dəstək
verir. Lakin Azərbaycan onlara vaksinlə təmin olunmaq üçün digər
ölkə vətəndaşları ilə eyni imkanlar yarada bilər. Azərbaycan bütün
ərazisində olduğu kimi Qarabağ iqtisadi rayonunda da dini və milli
mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər
hüquqlarına təminat verir”.

Teqlər: