Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

22-23 aprel 2022-ci il tarixlərində Şuşa şəhərində Dünya
Azərbaycanlılarının V Qurultayı keçirildi. İki gün davam edən
Qurultayda dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor
nümayəndəsi iştirak edib. Qurultayın azad olunmuş torpaqlarımızda
aparılan geniş miqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi,
xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada
keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var.
Bu mənada, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı
Zəfər Qurultayı kimi tarixə düşəcək. Bu tarixi reallıq müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş və
qətiyyətli siyasətinin nəticəsidir. Cənab Prezident Qurultayın
işində iştirak edib və çıxış edib. Cənab Prezident çıxışı zmanı
bir- çox mühüm məsələlər barədə fikir söyləyib.

Cənab Prezident çıxışında qeyd edib ki, “ Azərbaycan xalqı 30 il
davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu,
ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya
sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt
işğalla barışmaq fikirində deyildi”. Azərbaycanda həyata keçirilən
siyasətin,atılan bütün addımların fövqündə bu müqəddəs günü
yaxınlaşdırmaq dayanırdı. Azərbaycan buna öz gücü ilə nail oldu.
Tarixi missiyanı həyata keçirən qəhrəman Azərbaycan oğulları tarix
qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər
göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik
ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni
Azərbaycan xalqına bəxş etmişlər.

Cənab Prezident xaricdə yaşayan Azərbaycanlıların qazanılmış
Tarixi Qələbədəki rolunu qeyd edərək ki, həm Azərbaycanda yaşayan
Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə
vururdular, bir hədəfə çatmaq üçün çalışırdılar.Hər kəs hər gün öz
əməyində, işində, hərə öz yerində bu Qələbə gününü
yaxınlaşdırdı.

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının Diaspor
işləri üzrə Dövlət Komitəsi ilə əlaqələrinə toxunan cənab Prezident
qeyd etmişdir ki, bu əlaqələr getdikcə təkmilləşir. Azərbaycan da
yaşayan azərbaycanlılar istəyir ki, xaricdə yaşayan azərbaycanlılar
öz tarixi vətəni ilə sıx bağlı olsunlar. Xaricdə yaşayan gənc
azərbaycanlılar həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı
bilməlidirlər, həm də bu həqiqətləri öz dostlarına
çatdırmalıdırlar.

Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını
qeyd edən cənab Prezident bildirmişdir ki, “Bu gün Azərbaycan yeni
dövrə qədəm qoyub. Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi
yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi,
hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar
üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan cənab
Prezident deyib: ”Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu
gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan
sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq,
Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz
torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt
bu torpaqlardan bizi tərpədə bilməz”.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: