Bu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 86 faizi açılıb – Nazir (VİDEO)

Aprelin 19-da Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan
və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən
cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və
açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində
fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya
iclası keçirilib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, cari ilin birinci rübündə
əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən
nazir Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8.622
cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə
baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən
oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə
tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması
ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb. Qanunsuz
dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd
edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb
edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır
cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin
yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun
zərərsizləşdirildiyini nəzərə çatdırıb.

Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş
Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı
Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis
general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi,
polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis
polkovniki Nahid Məmmədzadə və Bakı şəhər Baş Polis İdarəsinin rəis
müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik
V.Eyvazov vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu
xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd
əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi,
vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük
həssaslıqla yanaşılmasını tələb edib. Həmçinin xidməti fəaliyyətdə
müasir texnologiyaların tətbiqinin və idarəetmədə
elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və
fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin
mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin,
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin
gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni
mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə
aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini
nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.

Teqlər: