Bu günədək işğaldan azad edilmiş ərazilərdə 14 600 hektaradək ərazi minalardan təmizlənib (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan
Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad
edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının
hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar
örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə
yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları
çəkilir.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin
fəaliyyəti nəticəsində mart ayı ərzində 203 hektar ərazi mina və
partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam
bölmələri tərəfindən 14600 hektaradək ərazi minalardan təmizlənib.
Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq
tank əleyhinə və 9300 ədəddən artıq partlamamış döyüş sursatı
aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib.

Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş
sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis
təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Teqlər: