Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür

Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb.
Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı
olmuş zabit və gizirlər iştirak ediblər.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan
Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı
Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb.
Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin
təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə
ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər
qazanıblar.

2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı
Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin
çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də
Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın
düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri
olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad
etməsi dünya hərb tarixinə düşüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin
aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş
vasitələri və texnikalara malikdir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı
general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət
Mirzəyevdir.

Teqlər: