Bu gün müqəddəs Ramazan ayı başlayır

Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Trend xəbər verir ki, bu il üfüqümüzdə hilalın (təzə Ayın)
aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il
aprelin 2-nə təsadüf edəcək.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən
gecə, yəni aprelin 19-da olacaq. İkinci qədr gecəsi aprelin 21-i
(Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 23-də və
sonuncusu aprelin 27-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət
və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri
açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz
insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik
göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti,
valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını
yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük
savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının
vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə
görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət
görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan
müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması,
imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan
(Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına
əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayram günləridir.

Teqlər: