Bu gün ilk dəfə Qarabağ cins atları hərraca çıxarılır

Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus
“Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində
Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılır.

AzerTimes-ın məlumatına görə, hərraca 3 Qarabağ atı – Sahil, Zilaxar
və Sultan çıxarılır. Onlara müvafiq olaraq 5 min manat, 7 min manat
və 30 min manat qiymət qoyulub. Bununla yanaşı, “Simmental” cinsli
inəklərin və “Murciana” keçilərinin dövlət güzəşti ilə satışı
həyata keçirilir.

Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılır.
Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və
interaktiv məlumatlar verilir. Atların satışı son qiymətə uyğun
rəsmiləşdiriləcək və onlar sığortalanacaq.

Bu gün kompleksdə həmçinin Qobustan Heyvandarlıq Nümayiş
Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla
yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə
fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli
damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını
stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə
heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq,
damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.
Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq
şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri
fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt
tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin
operativliyi və şəffaflığı təmin edilir.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi
5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə
texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659
satış mərkəzi də fəaliyyət göstərir.

Teqlər: