Bu 3 şəxs büdcədən daha çox vəsait mənimsəyib – Şok detallar

Bu 3 şəxs büdcədən daha çox vəsait mənimsəyib – Şok detallar

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında aparılan antikorrupsiya ilə bağlı əməliyyatı haqda növbəti informasiya – Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsindəki yeyintinin aşkarlanması heyrətamiz bir faktı ortaya qoyur.

AzerTimes xəbər verir ki, bundan öncə DTX Naxçıvan Gömrük Komitəsinin (artıq ləğv edilib və Baş İdarə yaradılıb – red.) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun 132 milyon, Naxçıvanın maliyyə naziri Rafael Əliyevin 144 milyon manat mənimsədiyini aşkara çıxarmışdı. Aparılan araşdırma nəticəsində sonuncu dəfə 8 dekabrda Bakıya dəvət edilən Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsi rəhbəri Hicran Rüstəmovun isə 212 milyon 361 min manat mənimsədiyi üzə çıxdı.

Cəmi 3 qurumda ümumilikdə 488 milyon 361 min manat vəsait oğurlanıb. Nəzərə alaq ki, Naxçıvan Gömrük Komitəsində yeyinti hələ “rəhbər” səviyyəsində deyil, yalnız Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsində aşkarlanıb, onda 3 qurumdakı ümumi yeyintilərin heç də 488 milyonla yekunlaşmadığı haqda rəy yaranır.

Qeyd edək ki, Naxçıvanın büdcəsi 2020-də 482 milyon, 2021-ci ildə 502,3 milyon, 2022-ci ildə 606,1 milyon manat olub: 2020-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 370 580 000 manat, 2021-ci ildə 378 131 000 manat, 2022-ci ildə isə 457 580 000 manat dotasiya ayrılıb.

Belə çıxır ki, büdcəni doldurmaq üçün Bakıdan sistemli olaraq dotasiya alan və bu dotasiya həcmi büdcəsinin tam 76-77 faizini təşkil edən Naxçıvanda 3 məmurun mənimsədiyi vəsait 2020 və 2021-ci il büdcəsi həcmindədir, Bakıdan ayrılan dotasiyadan isə çoxdur.

Teqlər: