Brüsseldə əldə edilən razılaşmalar Azərbaycanın milli maraqlarına tam uyğundur – Sahil Kərimli

Prezident İlham Əliyevin Brüsseldə Aİ Şurasının Prezidenti Şarl
Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşləri, aparılan
danışıqlar və əldə edilən razılaşmalar Azərbaycanın növbəti
uğurudur.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil
Kərimli deyib.

S.Kərimli qeyd edib ki, görüşdən sonra Aİ Şurasının
Prezidentinin verdiyi bəyanatdan da görünür ki, üstünlük həmişə
olduğu kimi yenə Azərbaycandadır, masadakı şərtləri Prezident İlham
Əliyev müəyyən edir. Çünki Azərbaycan haqlı tərəfdir.

“Görüşün nəticəsi olaraq əldə edilən əsas razılıq Ermənistanla
Azərbaycan arasında sülh danışıqları prosesinin başlamasıdır.
Sözsüz ki, sülh danışıqları Azərbaycanın irəli sürdüyü 5 maddədən
ibarət təklif əsasında aparılacaq. Bu təklifin əsas və ən vacib
məqamı Azərbaycanın ərazi bütövlüyüdür. Bütün bunlar olduqca
əhəmiyyətlidir və Azərbaycanın milli maraqlarına tam uyğundur.

Bundan başqa, sərhədlərin müəyyənləşdirilməsi, sərhədlərdə baş
verən gərginliyin aradan qaldırılması və digər vacib məsələlərlə
bağlı razılıq əldə olunub. Həmçinin nəqliyyat-kommunikasiya
xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun
çəkilməsi kimi məsələlər də əsas müzakirə mövzusu olacaq. Bütün
bunlar bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni
reallıqlar dünyada qəbul edilir, bölgədə sülhə, təhlükəsizliyə,
iqtisadi inkişafa verdiyi töhfələr yüksək qiymətləndirilir.
Əsas məqamlardan biri də budur ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi
yoxdur, ATƏT-in Minsk Qrupunun da adı çəkilmir. Görünən odur ki,
Minsk Qrupu çoxdan lazımsız təsisata çevrilib.

Avropa İttifaqı çalışır ki, Ermənistanla Azərbaycan arasında
birbaşa danışıqları nəzərdə tutan mexanizm hazırlansın. Əgər
danışıqlar bu formatda davam edərsə, şübhəsiz ki, tərəflər daha
yaxşı anlaşa bilər, nəticələr də müsbət olar.

Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Avropa İttifaqı
prosesə böyük töhfə verir, qərəzsizliyini qoruyub saxlayır,
xüsusilə də Azərbaycana etimad göstərir. Aİ İlham Əliyevin
regiondakı liderliyini qəbul edir. Əlbəttə ki, burada Aİ Şurasının
Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi
münasibətləri, tez-tez baş tutan təmaslar mühüm rol oynayır.
Ümumiyyətlə, son aylarda dünya liderlərinin, nüfuzlu dövlət
başçılarının Prezident İlham Əliyevlə telefon danışıqları,
apardıqları müzakirələr Azərbaycan Prezidentinin böyük nüfuzunun
göstəricisidir”, – S.Kərimli vurğulayıb.

Teqlər: