Brüsseldə Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib (FОТО)

4 aprel 2022-ci il tarixində Brüsseldə Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə Belçika Krallığının
Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq
Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr
keçirilib.

Trend xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən
Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən
isə ikitərəfli məsələlər üzrə Baş direktor Jeroen Koreman rəhbərlik
ediblər.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan ilə Belçika arasında
əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, əməkdaşlıq üçün bütün
sahələrdə geniş potensialın mövcud olduğu bildirilib və bunun
inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.

Baş direktor J. Koreman Azərbaycan ilə Belçika arasında siyasi
münasibətlərin yaxşı səviyyədə olması, hökumətlər və parlamentlər
səviyyəsində əlaqələrin mövcud olduğunu və səmərəli dialoqu davam
etdirmək əzmində olduğunu vurğulayıb

Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında
diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı
bildirilib.

Nazir müavini X.Xələfov 44 günlük müharibədən sonra bölgədə
yaranmış yeni siyasi vəziyyət, erməni işğalından azad olunmuş
ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və
yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Müharibədən sonra regionda sabitlik və təhlükəsizliyin təmin
edilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan işlər ilə
bağlı məlumat diqqətə çatdırılıb.

Daha sonra tərəflər regional və beynəlxalq təhlükəsizlik
məsələləri ətrafında fikir mübadiləsi aparıb.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq
ifadə olunub.

Teqlər: