Bakıda gecə klubundakı partlayışa görə üç nəfər həbs edildi

Xəbər verildiyi kimi, aprelin 3-də gecə saat 03 radələrində
paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci
mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş
verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli
bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış
obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun
İstintaq idarəsi tərəfindən aparılır.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, toplanmış
ilkin sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan obyektin
mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri
pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz
balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada
dağıntılara və yanğına səbəb olmuşdur.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət
edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food”
MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin
225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma –
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri
Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci
(səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya
digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilmişdir.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın
təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət
Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən
vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən
edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq
qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi
olaraq məlumatın verilməsi təmin ediləcəkdir.

Teqlər: