Brüsseldə 4 saatdan artıq davam edən danışıqların yekunu gözləntiləri tam doğrultdu – Tamam Cəfərova

Azərbaycan Respublikası prezidenti martın 31-də Polşanın xarici
işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə
görüşdə 6 apreldə keçirilməsi planlaşdırılan Brüssel görüşü
barəsində öz pozitiv gözləntilərini belə ifadə etmişdir: “Bizə
Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu
yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan
ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox
yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu
məsələyə daha çox aydınlıq gətiriləcək”.

6 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin
Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə 4 saatdan artıq
davam edən danışıqların yekunlarına diqqət yetirsək, ölkəmizin
başçısının gözləntilərinin tam olaraq özünü doğrultduğunu müşahidə
edə bilərik.

Millət vəkili Tamam Cəfərova AzerTimes-a açıqlamasında belə
deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Brüsselə
səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan
baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr
Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata
keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru,
dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Nəticə
etibarı ilə Azərbaycanın gündəliyi Brüssel görüşündə tam olaraq
təmin edilmişdir və Ermənistanla sülh müqaviləsinin imzalanması
istiqamətində real şanslar yaranmışdır. Azərbaycanın tarixi
Qələbəsilə başa çatmış Vətən müharibəsi bitdikdən sonra Prezident
İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz
həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə
açmağa hazırdır. Yəni, Brüsseldə keçirilmiş üçtərəfli görüşün
nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini
tapır.

Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni
geosiyasi reallığı qəbul edir və öz mövqeyinin
müəyyənləşdirilməsində də məhz yaranmış yeni reallığa
əsaslanır.
Danışıqların yekunlarına toxunan millət vəkili Avropa İttifaqı
Şurasının prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatın əsas
məqamlarına diqqət çəkmişdir. Sənədin özəyini Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və
bununla bağlı işçi qrupun yaradılması təşkil edir. Bu məqsədlə
xarici işlər nazirlərinə sülh müqaviləsinə hazırlıq işləri ilə
məşğul olmaq tapşırığı verilib. Sülh razılaşmasının əsas komponenti
Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun
əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə
əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Müşahidə etdiyimiz kimi
liderlər tərəfindən əldə edilən razılığın praktiki reallaşması üzrə
iş artıq başlayıb.

İkinci yerdə əhəmiyyətinə görə sərhədlərin delimitasiya və
demarkasiyası ilə bağlı əldə edilən razılaşma durur. Bu razılaşma
aprelin sonuna qədər birgə sərhəd komissiyasının çağırılmasını
nəzərdə tutur. Razılığa görə komissiyanın mandatına ikitərəfli
sərhədin delimitasiyanın həyata keçirilməsi, sərhəd boyunca və
sərhəd yaxınlığında təhlükəsizliyin stabil vəziyyətinin təmin
edilməsi kimi məsələlər daxildir.

Sənədin digər vacib tərəfi liderlərin tərəflər arasında və geniş
mənada Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpa
edilməsi üzrə razılıq əldə etməsidir. Prezident Mişel dəmir yol
xətlərinin bərpa edilməsi üzrə addımları alqışlayaraq, avtomobil
əlaqəsinin bərpa edilməsinə çağırış etmişdir. Avropa İttifaqı
tərəfləri kommunikasiyaları açmağa çağırmaqla kifayətlənmir.
Bəyanata görə Aİ əlaqə kanallarının inkişafını İqtisadi və
İmvestisiya planı və ümumi layihələrin müəyyən edilməsi üçün
İqtisadi məşvərətçi forumu vasitəsilə dəstəkləməyə hazırdır.

Bəyanatın vacib məqamlarından biri də humanitar xarakterli
məsələlər idi. Humanitar sahədə ölkəmizi maraqlandıran məsələlər
ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslər problemi
idi. Ermənistan öz növbəsində öz hərbçilərinin geri qaytarılmasında
maraqlı idi. Azərbaycan üçün çox vacib olan mina problemində Avropa
İttifaqı ekspert konsultasiyaları və maliyyə yardımının artırılması
formasında Azərbaycana dəstək göstərəcəyini bəyan edir. Bəyanatda,
həmçinin münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın ediləcəyi,
reabilitasiya və rekonstruksiya layihələrinin gerçəkləşəcəyi qeyd
edilir.

Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan
ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur.
Sözügedən fakt onu göstərir ki, 44 günlük müharibədən sonra
münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata
çevrilib. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar
nəticəsində və Avropa İttifaqının dəstəyi ilə Ermənistan və
Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan postmüharibə
dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Brüssel
platforması yaxın gələcəyin reallığıdır.

Tamam Cəfərova qeyd edib ki, Bəyanatda, həmçinin 2020-ci il 10
noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına tam riayət etmə
zərurəti təsdiqlənir. Vurğulayaq ki, Ermənistan razılaşmanın
qanunsuz silahlı qüvvələrin çıxarılması və Zəngəzur dəhlizinin
açılması ilə bağlı müddəalarını icra etməkdən boyun qaçırır.
Ermənistanın qeyri-konstruktiv davranışı onun xarici havadarlara
güvənməsi ilə izah olunurdu. Lakin Ş.Mişelin timsalında Aİ-nın 10
noyabr razılaşmasının tam icra edilmə zərurətini vurğulaması
Ermənistanı bu məsələdə arxalandığı qüvvələrdən birinin dəstəyindən
məhrum edir.
Deputatın fikrinə görə, Bəyanatın məzmunu Cənubi Qafqazda stabil
vəziyyətlə regionun Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı
arasında düz mütənasib əlaqənin mövcud olmasından xəbər verir.
Avropa İttifaqı yaxşı dərk edir ki, Rusiya ilə qlobal geosiyasi
qarşıdurma və enerji resurslarına qiymətlərin yüksək olması
kontekstində alternativ enerji mənbələrinin əhəmiyyəti dəfələrlə
artır. Hal-hazırda Aİ Rusiya enerji resurslarından intensiv imtina
etmə planı üzərində işləyirlər. Planın özəyini karbohidrogen
resurslarla zəngin ölkə və regionlarla yüksək səviyyəli
əməkdaşlığın qurulması təşkil edir. Belə regionlardan biri Xəzər
hövzəsidir. “Burda biz çox vacib bir nəticəyə gəlirik: enerji
resurslarının Avropaya təhlükəsiz çatdırılması hal-hazırda Avropa
ittifaqının həyati-vacib marağıdır. Bu həyati-vacib marağın
reallaşdırılması isə Cənubi Qafqazda sülh və stabilliyin təmin
edilməsindən keçir. Beləliklə, Avropa İttifaqının son aylar
regionda sülh quruculuğu işlərində xüsusi marağını bu geosiyasi
kontekst çərçivəsində izah etmək olar. Digər tərəfdən unutmayaq ki,
Xəzər hövzəsi Azərbaycandan savayı həmçinin neft və qaz ilə zəngin
Qazaxıstan və Türkmənistanı da özünə daxil edir. Perspektivdə bu
iki ölkənin də Avropanın enerji təhlükəsizliyində iştiraka cəlb
edilməsi Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin həll
edilməsini tələb edir. Xatırladaq ki, Brüssel görüşündən az əvvəl
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə dördtərəfli Transxəzər
Nəqliyyat Dəhlizinin açılması haqqında saziş imzalayıblar. Bu Xəzər
dənizi – Qara dəniz höfzəsinin siyasi-iqtisadi çəkisinin artmasının
əyani sübutudur. Regionun əhəmiyyətinin artması ilə isə Avropa
İttifaqının regiona diqqəti düz mütənasib əlaqədə yüksəlir. Lakin
qeyd etdiyimiz kimi bütün layihələrin uğur dərəcəsi regional
məsələlərin nizamlanmasından çox asılıdır”, – Millət vəkili Tamam
Cəfərova deyib.

Teqlər: