Brüssel görüşünün nəticələri Azərbaycanın mühüm siyasi uğurudur – Səttar Möhbalıyev

“Azərbaycanın Qarabağ münaqişəsini həll etməklə yaratdığı
dəyişməz reallıqlar bütün tərəflərin maraqlarına cavab verir. Bunu
beynəlxalq və regionlar təşkilatların, həmçinin prosesə münasibət
bildirən dövlətlərin davranışları da sübut edir. Reallıq isə ondan
ibarətdir ki, işğala son qoyulmaqla region Ermənistanın yaratdığı
bataqlıqdan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub. Bu,
bütövlükdə region ölkələrinin siyasi-iqtisadi maraqlarına tam cavab
verir. Dünyanın aparıcı kütləvi informasiya vasitələri, siyasi
ekspertlər regiondakı vəziyyəti müzakirə edərkən bilavasitə bu
reallıqlara əsaslanırlar və bunu bölgədə sülh və təhlükəsizlik üçün
əvəzolunmaz hesab edirlər. Bütün bunlar bir daha onu göstərir ki,
postmünaqişə dövründə Azərbaycanın ortaya qoyduğu mövqe, irəli
sürdüyü təşəbbüslər sülh və sabitliyə, region ölkələrinin
qarşılıqlı səmərəli əməkdaşlığına əsaslanır. Ermənistan tərəfinin
də düşdüyü ağır böhrandan yeganə çıxış yolu bu vəziyyətlə
barışmasıdır. Çünki bu dövlət heç vaxt Azərbaycanla rəqabət
aparacaq gücdə olmayacaq, nəinki ərazi iddiaları ilə çıxış
etsin.Ermənistan anlamalıdır ki, Azərbaycan regionun lideridir,
gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdan keçir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə aparılan
bütün danışıqlar Azərbaycanın milli maraqları çərçivəsində və irəli
sürdüyü təkliflər əsasında aparılır: “Bu istiqamətdə aprelin
6-da
Prezident İlham Əliyevin Brüsselə səfərini, Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri
Nikol Paşinyanla görüşlərini və əldə olunmuş nəticələri məhsuldar
hesab edirəm, bunu həyata keçirilən ardıcıl və məqsədyönlü
siyasətin növbəti böyük uğuru kimi qiymətləndirirəm. Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması,
bu istiqamətdə işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü
5 təklif və bunun əsasında predmetli danışıqların aparılması
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli
qərardır. Delimitasiya prosesinə başlanılması məsələsi müharibə
başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü ilk təkliflərdəndir
və son danışıqlarda bu barədə razılığın əldə olunması çox
əhəmiyyətlidir”.

“Keçirilən görüşün nəticələri bir daha təsdiqləyir ki, Avropa
İttifaqı ölkəmizin müəllifi olduğu yeni geosiyasi reallığı qəbul
edir və bu səpgidə kifayət qədər maraqlıdır. Məsələn, sənəddə
ermənilərin iddia etdiyi “Dağlıq Qarabağ” ifadəsinin yer almaması,
həmçinin fəaliyyəti ərzində onsuz da bir iş görməyi bacarmayan,
ümumiyyətlə, buna cəhd göstərməyən ATƏT-in Minsk qrupuna istinadın
olmaması mühüm faktdır. Təbii ki, münaqişənin başa çatması ilə
Minsk qrupunun da mənası qalmayıb. Artıq Avropa İttifaqının dəstəyi
ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə
tutan yeni mexanizm formalaşıb və proseslər Azərbaycanın milli
maraqlarına tam cavab verir”, – Milli Məclisin deputatı deyib.

Teqlər: