Brüssel görüşü Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyətidir – Səttar Möhbalıyev

“Mayın 22-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının
Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan
arasında növbəti görüş baş tutdu. Görüşdə müzakirə olunan
məsələlər, əldə olunan razılaşmalar bir daha təsdiqləyir ki, bütün
proses Azərbaycanın müəllifi olduğu reallıqlar üzərində qurulub,
qalib ölkə olaraq dövlətimizin mənafeyini tam əks etdirir. Bundan
əvvəlki üçtərəfli görüşlərdə olduğu kimi, sonuncu təmasda da sülh
və əməkdaşlıq naminə Azərbaycan irəli sürdüyü təkliflər dəyişməz
olaraq qalır, çünki bu, özündə beynəlxalq hüququn prinsiplərini
ehtiva edir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi anlamalıdır ki,
Azərbaycan qalib ölkədir, münaqişə başa çatıb, ortada nəticələr var
və bu nəticələrlə barışmaq lazımdır: “Ermənistanda separatçıların
səsləndirdiyi bəzi fikirlər artıq müzakirə mövzusu deyil, yeni
reallıqlar fonunda həmin məsələlərin gündəmə gətirilməsi sadəcə
gülüş doğura bilər. Brüssel görüşləri də bir daha təsdiqləyir ki,
nə “Dağlıq Qarabağ” ifadəsi var, nə də status. Münaqişədən sonra
həmin məsələlərin hara yuvarlandığı bəllidir. Bu gün sülh
danışıqlarına mane olmağa çalışan separatçıların Ermənistanda
hamının gülüşünə səbəb olan etirazlarını görürük. Onlar, mən açıq
deyirəm, başıpozuqcasına öz ölkələrini məhvə sürükləyirlər. Başa
düşmürlər ki, onlar heç vaxt mümkün və mövcud omayacaq nələrəsə
nail olmağa çalışırlar, keçmiş xəyallarından əl çəkə bilmirlər.
Anlamırlar ki, onların qarşısında hamının qəbul etdiyi regionun
lider dövləti Azərbaycan var ki, bütün dövlətlər onunla
əməkdaşlıqdan çox məmnudur və etibarlı tərəfdaş kimi həmişə təqdir
olunur. Həm də başa düşmürlər ki, Ermənistanın xilası yalnız və
yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Çünkü
Azərbaycanın əsas niyyəti bölgədə sülh və təhlükəsizlik, sabitlik
və əmin-amanlığa nail olmaqdır”.

“Sonuncu Brüssel görüşündə hümanitar məsələlərin, o cümlədən
minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi ilə bağlı
məsələlərin müzakirəsini, təbii ki, vacib məqamlardan biri hesab
edirəm. Məlumdur ki, işğaldan azad edilmiş Şərqi Zəngəzurda və
Qarabağda abadlıq-quruculuq işləri aparılır. Artıq bir sıra
layihələr yekunlaşıb, açılışları edilib, digər işlər də yaxın
gələcəkdə yekunlaşacaq. Sakinlərin öz ata-baba yurdlarına
qayıtmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır.
Sözsüz ki, mina məsələsi bu prosesin daha sürətlə getməsinə
əngəllər törədir, indiyə kimi onlarla dinc sakin mina partlamasının
qurbanı olub. Bu xüsusda mina məsələsinə toxunulması çox önəmlidir.
Görüşdə həmçinin sərhəd məsələləri ilə bağlı komissiyaların birgə
iclasının keçirilməsi, dövlət sərhədinin delimitasiya və
demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və
kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib və
müəyyən razılaşmalar da var. Bütün bu məsələlər yuxarıda qeyd
etdiyim kimi, ölkəmizin maraqlarına tam cavab verir, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin növbəti diplomatik
nailiyyətidir”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinə də
toxunub. Bildirib ki, ümumiyyətlə, Azərbaycanın beynəlxalq nüfuzu
durmadan artmaqdadır, qlobal təşəbbüsləri dünya dövlətləri
tərəfindən dəstəklənir və etibarlı tərəfdaş olaraq tanınır: “Avropa
İttifaqı ilə də ölkəmizin əlaqələri yüksək səviyyədədir və
genişlənməkdə davam edir. Xüsusən energetika sahəsində
əməkdaşlığımız inkişaf edir. Azərbaycan Avropanın enerji
təhlükəsizliyində mühüm rola malikdir”.

Teqlər: