Britaniya parlamentinin bir qrup üzvü Xocalı soyqırımı barədə birgə bəyanat yayıb

Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu
ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzerTimes-a verilən məlumata görə,
parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan
xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə
başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.

Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə
səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən
Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi
xarakterizə edilmişdir. Parlamentarilər, həmçinin Avropa İnsan
Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli, Xocalıda baş
verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi
xarakterizə edən qərarını xatırlatmışlar. Bu kontekstdə gələcəkdə
belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar
hüququn möhkəmləndirilməsi zərurəti vurğulanmışdır.

Britaniyalı parlamentarilər, həmçinin münaqişənin yekunlaşmasını
alqışlayaraq, regionda maraqlı bütün tərəflərin iştirakı ilə
aparılan danışıqların Azərbaycan və Ermənistan arasında
münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar
olduqlarını qeyd etmişlər.

Bununla yanaşı, post-münaqişə mərhələsində bir sıra
çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi,
komunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin
delimitasiya və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd
edilmiş, bu çağırışların həlli, xüsusilə də ərazilərin minalardan
təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış
edilmişdir.

Xatırlatmaq istərdik ki, birgə bəyanat indiyə qədər Böyük
Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi
ilk birgə təşəbbüsdür. Təşəbbüsə Parlamentin İcmalar Palatasının
üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan
Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Sheikh, Lord
Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzoor və Lord Flayt
qoşulmuşdur. Bundan əvvəl 2017-ci ildə isə Şotlandiya regional
parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik
təşəbbüsü regional parlamentin əksər üzvləri tərəfindən
dəstəklənmişdir.

Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun 22 fevral
2022-ci il tarixində keçirilmiş iclasında da Xocalı faciəsinin
30-cu ildönümü müzakirə edilmiş, iclasda iştirak edən
parlamentarilər tərəfindən Xocalı qətliamı ilə bağlı bir daha
Azərbaycan xalqı ilə həmrəylik ifadə edilmişdir.

Teqlər: