BMT İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb

BMT Təhlükəsizlik Şurasının razılığı olmadan ABŞ və digər
ölkələrin Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar ləğv
edilməlidir.

AzerTimes xəbər
verir ki, bu barədə BMT-nin birtərəfli məcburi tədbirlərin insan
hüquqlarına mənfi təsiri üzrə xüsusi məruzəçisi Yelena Dovqan İrana
səfərindən sonra deyib.

Xüsusi məruzəçi xatırladıb ki, ABŞ 1970-ci illərin sonlarından
etibarən İrana qarşı sanksiyalar tətbiq edir və bu tədbirlər
dəfələrlə genişləndirilib.

Y.Dovqan əlavə edib ki, Avropa İttifaqı 2010-cu ildə İrana qarşı
hərtərəfli iqtisadi və ticarət sanksiyaları, 2012-ci ildə isə neft
embarqosu tətbiq edib. Tehrana qarşı məhdudiyyətlər Avstraliya,
Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra digər ölkələr
tərəfindən də qoyulub. İranın xarici hesablarda dondurulmuş
aktivləri 100-120 milyard dollar həcmində qiymətləndirilir.