Biz onlarla fəxr edirik – Nazir

Biz onlarla fəxr edirik – Nazir

Ulu öndər uşaqları çox sevirdi. Ölkəyə ilk rəhbərliyi dönəmində uşaqlar və gənclərlə keçirdiyi tədbirlər gələcək üçün çox böyük zəminlər yaradırdı. Azərbaycanda tikilən təhsil müəssisələri, uşaq bağçaları, orta və ali təhsil müəsssisələri bunun canlı sübutudur.

AzerTimes xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

O qeyd edib ki, ulu öndərin sayəsində yaxşı oxuyan tələbələrin xarici ölkələrə göndərilməsi və sonradan onların ölkəyə qayıtması böyük iş idi:

“Ovaxtkı gənclər indi həm dövlət, həm özəl qurumlarda mühüm vəzifələr tutur. Bir çoxu da Fövqaəladə Hallar Nazirliyinin strukturunda çalışır”.

Nazir qeyd edib ki, “Fövqəladə hallar uşaqların gözü ilə” tədbiri ənənəvi xarakter daşıyır:

“Amma budəfəki müsabiqə Ulu öndərin 100 illik yubileyi ərəfəsində təşkil olunub. Tədbirin əhəmiyyəti ondadır ki, əl işlərinə baxdığımız uşaqlar son illərdə doğulmuş, boya-başa çatmış uşaqlardır. Onların əksəriyyətinin ataları, babaları bizim Azərbaycanın müstəqilliyi uğrundakı müharibələrdə vuruşmuş, bəziləri şəhid, bəziləri qazi olmuşlar. Uşaqlar və biz onlarla fəxr edirik. Nə qədər ki, müstəqil Azərbaycan var, biz həmişə onlarla fəxr edəcəyik”.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və onlara dəstəkdir.

Müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və xilasetmə texnikasının modeli”, “Yumşaq oyuncaq” nominasiyaları üzrə işlər təqdim olunub.

Teqlər: