Biləsuvarda “Səyyar gənclər xidməti” layihəsinin açılışı baş tutub (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər”
İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə
təşkilatçılığı ilə mayın 31-də Biləsuvar rayonunun Bağbanlı
kəndində “İmkanlar Sənə Doğru!” devizi altında növbəti “Səyyar
Gənclər Xidməti” layihəsinin icrasına başlanılıb.

Layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin
gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq,
sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər
sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər
üçün əlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif
dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclər üçün
təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlb
olunması təmin edilib.

Layihənin əsasında həmçinin gənclərin dövlətçilik və
vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin
sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik,
bacarıq və dünyagörüşünün genişləndirilməsi dayanır. Bu xüsusda,
gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər,
şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas
həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər
keçirilib.

Açılış tədbirində Azərbaycan Respublikasının Gənclər Fondu,
Biləsuvar Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Kənd
Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
Dövlət Məşğulluq Agentliyi və Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, eləcə də
İNNOLAND və Təhsil Nazirliyinin STEAM proqramı nümayəndələri
gənclərlə görüşərək dövlət başçısının gənclərə qayğısı və bu
kontekstdə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat
veriblər.

Daha sonra, gənclər üçün “Karyera planlamasına özünü kəşf
etməklə başla!”, “Əsas həyat bacarıqları” və “MotivasiyamIZ”
mövzularında təlimlər və müxtəlif ustad dərsləri keçirilib. Təqdim
olunan “CV konstruktoru” xidməti vasitəsilə region gənclərinə
“CV”-nin yazılması qaydaları praktiki şəkildə nümayiş etdirilib.
Layihə çərçivəsində gənclər üçün həmçinin bir sıra idman yarışları
və musiqili əyləncə proqramları təşkil olunub.

Layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun
100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi
nəzərdə tutulur. Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi
2019-cu və 2021-ci illərdə ölkənin 17 şəhər və rayonunda,
ümumilikdə 92 ucqar kənddə 15 mindən çox gənci əhatə edib.

İmkanlar gənclərə doğru gəlir!

Teqlər: