Azərbaycan Avropanın enerji təhlükəsizliyində artıq həlledici rol oynayır – Sevil Mikayılova

Bu gün Azərbaycan regionun əsas siyasi mərkəzi olmaqla yanaşı,
eyni zamanda, enerji mərkəzinə də çevirilib və Avropanın enerji
təhlükəsizliyində həlledici rol oynayır.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.

S.Mikayılova bildirib ki, hazırda paytaxtımız Xəzər regionunun
neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı
Enerji Həftəsinə ev sahibliyi edir.

“İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy
Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib – 27-ci
Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.
Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edir ki,
bu da Bakıda keçirilən tədbirə böyük marağın olduğunu göstərir.
Pandemiya və ondan sonrakı dövrdə dünyada baş verən hərbi-siyasi
proseslər enerji təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu
sübut etdi.

Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas
rol sahiblərindən olan Azərbaycan Prezident İlham Əliyevin
rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr həyata keçirir.
Dünyada təbii qaza olan tələbat Cənub Qaz Dəhlizi layihəsinin
önəmini daha da artırdı”, – deputat qeyd edib.

S.Mikayılova onu da əlavə edib ki, bu gün Azərbaycan regionun,
eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə
verən ölkələrdən biridir. Cənub Qaz Dəhlizi layihəsi də həm
Azərbaycan, həm də Avropa İttifaqı üçün sülh və etibarlı iqtisadi
əməkdaşlıq proqramlarının müasir Yol xəritəsi hesab edilə bilər: “Cənub Qaz Dəhlizinin reallaşması sözsüz ki, Azərbaycanın
təşəbbüskarlığı və qətiyyəti sayəsində baş tutdu. Bu gün isə bu
layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm
rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi
imkanları böyükdür”.

Deputat qeyd edib ki, hazırda Prezident İlham Əliyevin yürütdüyü
enerji siyasətinin əsas tərkib hissələrindən biri də “yaşıl
enerji”dir. Bu istiqamətdə Azərbaycan uzunmüddətli hədəflər
müəyyənləşdirib və bu istiqamətdə uğurlu layihələr həyata
keçirilir. 2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə
çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı
planlaşdırır.

“Ölkəmizdə olan sabitlik və əlverişli biznes mühiti imkan verib ki,
Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə
birlikdə bərpa olunan yeni enerji mərkəzlərinin yaradılması üçün
iri layihələrin icrasına başlayıb. Xüsusən, işğaldan azad edilmiş
tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji”
layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi
üçün geniş perspektivlər vəd edir. Qarabağ və Şərqi Zəngəzurda
günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata
qədər çata bilər. Görülən işlər və mövcud potensiallar onu deməyə
əsas verir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə
inamla irəliləyir”, – S.Mikayılova vurğulayıb.

“Yaşıl enerji”nin Azərbaycana qazandıracağı üstünlüklərə də
toxunan S.Mikayılova əlavə edib ki, alternativ enerjiyə keçid
Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə
verəcək: “Beləliklə, Azərbaycan təbii ki, qaz ehtiyatlarına qənaət
edərək enerji ixracı imkanlarını genişləndirmiş olacaq. Bu isə
ölkəmizə öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı,
xarici ölkələrə də enerji ixracını əhəmiyyətli dərəcədə artırmaq
imkanı qazandıracaq”.

Teqlər: