Bərdə. Trend:
Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.
Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib.
Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin
Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova Ağdama təşkil
edilmiş media-turda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə. layihə çərçivəsində Bərdə, Köçərli,
Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü,
23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km
rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis
qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğusuna 3 ədəd
körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü
boru və 33 ədəd ehtiyat keçidi daxildir.
Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel
aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi
üçün ANAMA tərəfindən sertifikat təqdim edilib. Tikinti-quraşdırma
işləri iki mərhələdə həyata keçirilir.
“I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil
olmaqla, 20.78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri,
suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100%
həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79%
təşkil edir.
II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26.32
km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18%, suni
qurğular 12%, dəmir yolunun üst quruluşu elementləri isə 9%
həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8% –
dir.
Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma
işlərinə başlanılıb”, – deyə o əlavə edib.
Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi
və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr
tarixli Sərəncamına əsasən start verilib.