Batumidə bina çökməsi qurbanlarının sayı dördə yüksəlib

Gürcüstanın Batumi şəhərində çökən binanın dağıntıları altından çıxarılan meyitlərin sayı dördə çatıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən, həlak olanlardan biri uşaqdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Batumidə 70-ci illərin sonlarında inşa edilən beş mərtəbəli bina, oktyabrın 8-də günorta saatlarında çöküb. Binada 12 mənzili olub.

Gürcüstan Daxili İşlər Nazirliyi Batuminin 26 May küçəsindəki 13 nömrəli evin çökməsi ilə bağlı cinayət işi açıb. İstintaq “bir şəxsin ölümü və ya digər ağır nəticələrlə nəticələnən mədənçilik, tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır ki, buna görə 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Təsdiq edilməmiş məlumatlara əsasən, birinci mərtəbədəki ticarət sahəsinin sahibi binanın zirzəmisini birinci mərtəbə ilə birləşdirmək məqsədi ilə daşıyıcı divarı sökdüyünə görə polisə sorğu-sual üçün çağırılıb.

Teqlər: