Baş Prokurorluqda şəhid ailələri ilə görüş keçirilib (FOTO)

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 2021-ci il sentyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə 1 Oktyabr- Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və Vətən müharibəsinin ildönümü münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin üzvləri, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

Görüşdə Baş prokuror Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə ölkədə həyata keçirilmiş uğurlu fəaliyyətin müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilməsi və doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından danışmış, qısa müddətdə həmin bölgələrdə infrastrukturun bərpa olunduğunu, quruculuq işlərinin sürətlə davam etdirildiyini, I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini, həmçinin Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının yaradıldığını tədbir iştirakçılarının nəzərlərinə çatdırıb.

Bundan sonra, Vətən müharibəsi iştirakçıları olan prokurorluq əməkdaşlarına Fəxri fərman və medallar təqdim edilib.

Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün yekununda xatirə fotoşəkli çəkilib.

Teqlər: