BANM ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Bakı Ali Neft Məktəbi (BANM) ilə İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında
Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.

Mərasimdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları Ali
Məktəbdə görməkdən məmunluğunu ifadə edərək bu sənədin əhəmiyyətli
olduğunu vurğulayıb. Rektor bildirib ki, bu qurumla təməli qoyulan
əməkdaşlıq qarşılıqlı fayda verəcək: “Bakı Ali Neft Məktəbi
möhtərəm Prezidentimiz İlham Əliyevin “Neft kapitalının insan
kapitalına çevrilməsi” siyasətinin bariz nümunəsidir. Burada yüksək
bilik və bacarıqlara malik kadrlar yetişir. Ali Məktəbimizdə
yetişdirilən yüksəkixtisaslı kadrlar təkcə sənayedə deyil, müxtəlif
sektorlarda peşəkarlıqla xidmət göstərirlər. İmzalanan bu sənəd
BANM-də yetişən peşəkar kadrların Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin çoxprofilli sahələrində təcrübə
keçmələrinə və fəaliyyət göstərmələrinə imkan yaradacaq. Bu
Memorandum həm də BANM-də aparılan müxtəlif elmi-tədqiqatların
biznesə çevrilməsinin təşkilinə yardım baxımından da
əhəmiyyətlidir. Həmçinin Biznesin idarəedilməsi proqramında
Xidmətin peşəkar mütəxəssisləri tərəfindən dərslərin keçirilməsi də
əməkdaşlığa böyük töhfə verən istiqamətlərdəndir”.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Məmməd Abbasbəyli BANM-in kampusu ilə tanış olduğunu bildirərək
burada yaradılan şəraiti yüksək qiymətləndirib. O, uzunmüddətli
hədəflərə doğru irəliləməkdə birgə fəaliyyətin vacibliyini qeyd
edib: “İnsan kapitalının inkişafı ən vacib amildir və bu Ali Məktəb
də məhz buna xidmət etməklə cəmiyyətimizə və ölkəmizə töhfə verir.
Ali Məktəblə tanış olarkən yaradılan şərait, maddi-texniki baza
bizi çox qürurlandırdı. Burada yaradılan akademik mühit orta və
uzun müddətdə ölkəmizin inkişafına dəstək verəcək. BANM-də
hazırlanan peşəkar kadrlar həm bizim, həm də digər qurumlarda
çalışmaqla inkişafda böyük rol oynaya bilərlər. Gənc, peşəkar
kadrlar ölkəmizin gələcəyidirlər. Bu cür yüksək səviyyəli kadrların
formalaşmasında göstərilən xidmətlərə görə Bakı Ali Neft Məktəbinin
rəhbərliyi və professor-müəllim heyətinə minnətdarıq. Bakı Ali Neft
Məktəbi dövlət satınalmaları nöqteyi-nəzərindən də nümunəvi
qurumdur”.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Əməkdaşlıq Memorandumunu
imzalayıblar.

Qeyd edək ki, Memorandumda Ali Məktəbin tələbələri üçün
istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili,
təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın
nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq, təhsil və
texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata
keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin birgə layihə və
tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkil
edilməsi, eyni zamanda tədris müəssisəsini xüsusi fərqlənmə ilə
bitirmiş məzunların işlə təmin edilməsi ilə əlaqədar tərəflər
arasında əlaqələrin qurulması üzrə əməkdaşlıq da əks olunub.

Dövlət Xidmətinin əməkdaşları üçün Ali Məktəbin ixtisasartırma
proqramları əsasında ixtisasartırma kurslarının təşkili, Dövlət
Xidmətinin mütəxəssislərinin müvafiq təlim-tədris proseslərində
mühazirəçi, praktiki məşğələ aparan və s. qismində cəlb olunması,
tələbələri Dövlət Xidmətinin fəaliyyəti və Xidmətdə mövcud olan
vəzifələr haqqında məlumatlandırmaq məqsədilə Ali Məktəbdə “Karyera
günləri”nın keçirilməsi də memorandumda nəzərdə tutulan əməkdaşlıq
istiqamətlərindəndir.

Sonda Məmməd Abbasbəyliyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq”
plaketi təqdim edilib.

Teqlər: