Balakəndə yaşadığı evin həyətini narkotik plantasiyasına çevirən qadın tutulub (FOTO)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik
tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər
tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə,polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış
evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə
kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin
ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz
əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası
ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına
qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış keçirilən zaman
tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu
aşkarlanıb.

Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə
aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə
məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə
etmək olduğunu bildirib. Həmin çətənə kolları polis əməkdaşları
tərəfindən qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim
olunub. N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa
cəlb edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı
isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik
tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı
ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin
istixanaya baxış keçirilən zaman oradan ümumi çəkisi 40 kiloqrama
yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram
qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin
ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: