“Baku Steel Company” Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir (FOTO)

“Baku Steel Company” QSC iyunun 1-dən 3-dək Bakı Enerji Həftəsi
çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər
Neft və Qaz sərgisində iştirak edir.

Şirkət sərgidə ayrıca böyük stendlə çıxış edir. BSC-nin
stendində şirkətin istehsal etdiyi yüksək keyfiyyətli kvadrat və
dairəvi pəstahların, həmçinin neft-qaz istismarı layihələrində
istifadə olunan və yüksək dərinlik təzyiqinə davamlı tikişsiz
boruların nümunələri, inşaat armaturları çeşidləri, eləcə də polad
məftil (katanka), fasonlu tökmələr və s. məhsullar nümayiş
olunur.

Sərginin ilk anlarından yerli və xarici şirkətlərin və onların
distribütorlarının, eləcə də müxtəlif qurumların təmsilçiləri “Baku
Steel Company”nin stendinə maraq göstəriblər. Bu əsnada mütəmadi
işgüzar (B2B) görüşlər keçirilir, danışıqlar aparılır.

Xatırladaq ki, yarandığı 20 ildən artıq dövrdə nəinki
Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku
Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla
satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın 20-dən çox ölkəsinə
ixrac olunub.

Teqlər: