Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu,
Bakıxanov qəsəbəsində 1500 metr uzunluğa malik Oskar Əfəndiyev
küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, aparılan
təmir işləri çərçivəsində Oskar Əfəndiyev küçəsi boyunca köhnə
asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth
sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş
yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə
gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri
bərpa olunub, köhnə səki daşları 4664 p/metr uzunluğunda yeni səki
daşları ilə əvəz edilib.
Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni
asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 17
min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin
edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb,
zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə
parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin
baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra
olunub. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə müasir
görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.
Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni
isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə
olmaqla icra edilir. Bundan başqa Əşrəf Yunusov, Ramiz Qəmbərov və
Şamil Kamilov küçələrində də təmir işləri aparılır.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu
rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə
ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə
tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi
uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.