Bakıdaki dünya çempionatına qızıl medal üçün gəlmişəm – Qazaxıstan idmançısı

Bakıda keçirilən idman gimnastika üzrə FIG Dünya Kubokuna qızıl
medal üçün gəlmişəm.

Bu barədə AzerTimes-a
dəstəli at üzərində hərəkətdə birinci yeri qazanan Qazaxıstan
idmançısı Nəriman Kurbanov deyib.

Nəriman Qurbanov, həmçinin Dünya Kubokunun dörd mərhələsində
göstərilən üç ən yaxşı nəticələrinə əsasən gimnastlara verilən FIG
Kuboku ilə mükafatlandırılıb:

“Təbii ki, mən təkcə qələbəyə deyil, FIG kubokuna da sevinirəm.
Dördüncü dəfədir Bakıya gəlirəm, üç dəfə yarışların finalına
çıxmışam, amma nədənsə medal qazanmaq mümkün olmadı. Bu dəfə məhz
qızıl medal üçün gəldim. Mən buna uzun müddət və səylə hazırlaşdım
və indi özümə verdiyim sözümü tutdum, Bakıdan “qızıl” və FIG kuboku
ilə ayrılıram.

Etiraf edirəm ki, yarışdan əvvəl FIG Kuboku uğrunda mübarizə
apara biləcəyimi gözləmirdim, çünki reytinqdə ikinci idim, lakin
irlandiyalı gimnast təsnifat mərhələsində səhv etdi, finalsız
qaldı. Başa düşdüm ki, bu mənim şansımdır – mütləq qalib
gəlməliyəm”, – deyə idmançı qeyd edib.

Qazaxıstanlı gimnastın yerinə yetirdiyi dəstəli at üzərində
hərəkəti mürəkkəb kombinasiyalardan ibarətdir, lakin Bakıda
keçirilən kubokun finalında o, ondan bir neçə elementi çıxarıb:

“Əvvəlcə mürəkkəblik baxımından ən yüksək bazanı tamamlamağı
planlaşdırırdım, lakin Bakıdakı final üçün kombinasiyadan bir neçə
elementi çıxardım. Kiçik baza nümayiş etdirdim, amma onu təmiz icra
etdim, bunun qalib gəlmək üçün kifayət olduğunu bilirdim”, – deyə o
bildirib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: