Bakıda tikintidə krandan təhlükəli istifadənin qarşısı alınıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və
dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, Bakı
şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “İnşaat
Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti işləri zamanı
krandan təhlükəli istifadə olunması barədə vətəndaş tərəfindən
Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi
və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən
əraziyə baxış keçirilib. Baxış zamanı həqiqətən də göstərilən
ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti
işləri ilə əlaqədar qülləli kranın istismarı zamanı təhlükəsizlik
qaydalarına riayət olunmadığı, o cümlədən texniki nəzarətin təşkili
üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, qülləli kranın iş icra
layihəsinə uyğun istismar edilmədiyi müəyyən edilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi
nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan
qayda pozuntuları aradan qaldırılana qədər qülləli kranın istismarı
dayandırılıb və bununla bağlı akt tərtib olunub.

Teqlər: