Bakıda tikinti şirkətinin rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, “Star-M”
Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz
əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS”
MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci
illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa
olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və
maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə,
eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış
sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına
nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat
məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm
Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda
ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqın
aparılması, digər təqsirli şəxslərin qanunsuz əməllərinin ifşa
olunması, habelə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinin
təmin edilməsi istiqamətində tədbirlərin görülməsi davam
etdirilir.

Teqlər: