Bakıda sığınacaqda azyaşlılara işgəncə verilməsi ilə bağlı cinayət işi başlandı

Bakıda sığınacaqda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı
cinayət işi başlanıb.

Sabunçu rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda
10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə
keçirilmiş monitorinq zamanı uşaqların bədənində xəsarət izlərinin
aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda
araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, qeyd edilən sığınacaqda 2022-ci ilin
fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış
C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və
fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər
azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid
olduğu müəyyən edilmiş, o cümlədən sığınacaqda saxlanılan digər iki
nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə
yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1
(vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından
açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha
çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün
aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə
olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi
başlanıb.

Hazırda istintaq davam edir.

Teqlər: