Bakıda sərxoş gənc əmisi oğlunu öldürüb

Xəbər - Samir Əli – Trend:

Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə
alınıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat
xidmətlərindən AzerTimes-a daxil olan məumatda bildirilir ki, 24 yaşlı
Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla
qətlə yetirib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən,
prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin
iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq
ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər
dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə
yetirilib.

İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş
vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi
mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq
istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat
tədbirləri davam etdirilir.

Teqlər: