Bakıda qadını yandıraraq öldürən şəxs saxlanıldı

Qaradağ rayonunda qadını evi ilə birlikdə yandırıb öldürən şəxs
saxlanılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən
məlumata görə,
prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə
törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan
qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş
verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın
üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və
əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il
təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində
törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: