Bakıda keçirilən Dünya Kubokunda yarışların təşkili əladır – İsraildən olan gimnast

Bakıdakı yarışlarda hər şey xoşuma gəlir, gimnastika arenasının
zalı və tamaşaçılar çox yaxşıdır.

Bu barədə AzerTimes-a
İsrailli atlet, sərbəst hərəklər proqramı üzrə 2020 Olimpiya
çempionu, dünya çempionatının mükafatçısı, Avropa çempionu Artem
Dolqopyat deyib.

“Yarışların təşkili əla səviyyədədir. Yarışların başlamasından
bir neçə gün əvvəl Bakıya gəldik, təlim-məşq toplanışları keçirilib
və bu, yarışa hazırlaşmaq üçün kifayət olub. Bugünkü çıxışıma
gəlincə, sərbəst hərəkətlərdə kombinasiyanı yaxşı nümayiş etdim,
hakimlərdən 14,866 xal aldım. Ümumilikdə, çıxışımdan razıyam, indi
sabaha özümü hazırlamalıyam, burada daha iki alətdə – gimnastika
atı və dayaqda tullanma hərəkətlər üzrə proqramda çıxış etməliyəm”,
– deyə gimnast qeyd edib.

İdman gimnastikasında yeni qaydalardan danışan Artem Dolqopyat
qeyd edib ki, o, öz proqramı üzərində hələ də çalışır və gələcəkdə
onu, daha da çətinləşdirəcək:

“Qaydalar dəyişdi və Olimpiadadan sonra yeni kombinasiya
hazırlamağa vaxtım olmadı. Mənim kombinasiyam hələ çox güclü deyil,
amma gələcəkdə onun üzərində işləmək olar”.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Teqlər: